RƏSMİ


Bibiheybət ziyarətgahında Azərbaycanın Birinci vitse-prezidentinə Qurani-Kərim hədiyyə olunub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak edib.