İQTİSADİYYAT


“Əsrin müqaviləsi”nın imzalanmasından 26 il ötür

1994-cü ilin bugünü, yəni sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında “Əsrin Müqaviləsi” imzalandı. Təməli ümummili lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi
Qısa olaraq “Əsrin Müqaviləsi”nə nəzər salaq. Müqavilənin operator kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilslər 34.1 faiz paya sahib ola bilmişdirlər. Qalan paylar digər iştirakı şirkətlər arasında bölüşdürülmüşdür: Chevron-Texaco (10.2%), Lukoil (10%), ARDNŞ (10%), Statoil (8.6%), ExxonMobil (8%), TPAO (6.8%), Devon Energy (5.6%), Itochu (3.9%), Amerada Hess (2.7%). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldildi və 6.5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanıldı. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanıldı ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edildi. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail oldu. "Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Əsrin Müqaviləsi ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Əgər ölkə iqtisadiyatı 1994-cü ildə 11.8% kiçilmişdisə 1995-ci ildə 1.3% artım dərin depresiyanın sonu oldu. Əsrin müqaviləsinin davamı və onun yaratdığı imkanlar kontektsində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdırmaqdadır.