CƏMİYYƏT


Ermənistanın təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına başlanılıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.