CƏMİYYƏT


Bakı metropolitenində 17 yeni güclü ventilyator istifadədədir REPORTAJ

Metropoliten sərnişinlərinin təhlükəsizliyinin təmin olunması, daha rahat daşıma şəraitinin yaradılması xeyli dərəcədə ventilyasiya sisteminin səmərəli fəaliyyətindən asılıdır. Buna görə də metroda ventilyasiya qurğularının təkmilləşdirilməsi mütəmadi olaraq aparılır. 2019-cu ildə Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan 7 yeni güclü ventilyator alınaraq quraşdırılıb. Elə həmin il “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsasında Yaşıl və Qırmızı xətlər üçün daha 10 yeni güclü ventilyatorun istehsal edilməsi barədə razılıq əldə edilib. Ötən il “Ventprom” maşınqayırma zavodundan alınmış 10 ventilyatorun hamısı koronovirus pandemiyası şərtlərinin diktəsi altında Bakı metropoliteninə çatdırılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla, “Elmlər Akademiyası”, “Nizami”, “Ulduz stansiyalarında, “Elmlər Akademiyası-Nizami”, “Elmlər Akademiyası-İnşaatçılar”, “Ulduz-Koroğlu” yol mənzillərində quraşdırılıb. Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğundur. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır