İQTİSADİYYAT


Metropoliten xətlərinə 4 yeni qatar buraxılıb

Bu gün Bakı metropolitenində hər biri 5 vaqondan ibarət olan müasir tipli daha 4 yeni qatar tərkibi xəttə buraxılıb. Bununla da, Metropoliten xətlərində yeni qatarların sayı 19-a çatdırılıb. Sərnişin rahatlığı baxımından vaqonlar kondisioner, yerli şəraitə uyğunlaşdırılmış mikroiqlim nəzarəti sistemlərinə malikdir. Vaqondan-vaqona birbaşa keçidlər sərnişin rahatlığı baxımından əhəmiyyətlidir. Qapıların əvvəlki vaqonlardakından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə də xüsusi təsir edir. Bu il gətirilmiş vaqonların qapı meydançasında da ayaq üstə dayanan sərnişinlərin rahatlığı üçün tavana bərkidilmiş tutacaqlar quraşdırılıb. Eyni qayda ilə çoxfunksiyalı zonalarda da fərdi tutacaqlar da qoyulub. Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Vaqon istehsalçıları sərnişinlərlə yanaşı qatar sürücülərinin də rahatlığını nəzərə alan yeniliklər tətbiq ediblər. Maşinist kabinəsi indi daha genişdir, qatarın idarə edilməsində bir sıra proseslər avtomatlaşdırılıb, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırıb. Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatıb. Yeni gətirilmiş qatarlar, əsasən, “Həzi Asalnov-Dərnəgül” sahəsi boyunca hərəkət edəcək.