MƏDƏNİYYƏT


“ABAD” 5 ildir fəaliyyət göstərir

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. “ABAD” publik hüquqi şəxsin İçərişəhər etno-butikində qurumun yaradılmasının beşinci ildönümünə həsr olunmuş “V mövsüm” adlı sərgiyə start verilib. Sərgidə təqdim olunan eksponatların bir çoxu ilk dəfədir ki, nümayiş etdirilir. Eksponatlar “ABAD”ın beş illik fəaliyyətini, Nizami Gəncəvi ilini, Qarabağa qayıdışı və Azərbaycana xas olan dekorativ-tətbiqi xalq sənətkarlığını özündə təcəssüm edir. Ekspozisiyalar “ABAD”çı və məşhur rəssamlar Mir Teymur Məmmədov, Gülnarə Mahmud, Esmira Rəhimli, Fərid Nəcəfov, Elmira Hacıyeva, İlham Səfərli, Natalya Zeynalova, Ruslan Hüseynov və Fuad Cəbrayılova aiddir. Ötən müddət ərzində “ABAD” öz fəaliyyətini altı regional mərkəz, 10 etno-butik, iki keramika və tətbiqi sənət mərkəzi, müxtəlif marketlər şəbəkələrində təşkil edilmiş 24 “ABAD” bakaleyaları və stendləri, 22 ədəd istehsal konteyneri, iki “ABAD Factory” və iki "ABAD" Məktəb vasitəsilə həyata keçirib. “ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb və bu günə kimi 487 ailəyə dəstək göstərib, hazırda onlardan 420-si (334 sənətkar, 79 qida, 5 digər və 1 gigiyenik vasitə) ilə əməkdaşlıq davam etdirilir. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb. Ötən dövr ərzində “ABAD” iri şirkətlər və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilə bilib. Əldə etdiyi qrantlar hesabına “ABAD” istehsal mərhələsinə qədəm qoymuş “ABAD”çıların 5,3 milyon manat dəyərində məhsulunun satışını həyata keçirib. Yaxın persprektivdə "PAŞA Holding"in dəstəyi ilə Quba “ABAD Factory” Qablaşdırma Vasitələrinin İstehsalı Müəssisəsinin fəaliyyətə başlaması, həmçinin dəstək istiqamətlərinin və “ABAD”çıların sayının artırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır