CƏMİYYƏT
4 fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü
04.02.2025 [17:44]
Bu gün, 4 fevral, Ümumdünya Xərçənglə Mübarizə Günüdür. Dünyada milyonlarla insan bu amansız xəstəliklə mübarizəsini davam etdirir. Tarixi mənbələr göstərir ki, xərçəng haqqında ilk qeydlər qədim Misir papiruslarında yer alıb. Hippokrat bu xəstəliyə "karkinos", yəni “xərçəng” adını vermişdi, çünki şişlər ona xərçəngin pəncələrini xatırladırdı. O dövrdə isə həkimlərin bu xəstəliyə qarşı effektiv müalicə üsulları yox idi. Xərçəng sadəcə bir tibbi diaqnoz deyil. O, insanın iradəsinin, dözümünün və həyat eşqinin sınağıdır. 2000-ci ildə Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı 4 fevral tarixini Ümumdünya Xərçənglə Mübarizə Günü elan etdi. Bu günün əsas məqsədi insanları maarifləndirmək, erkən diaqnostikanın və profilaktikanın vacibliyini vurğulamaqdır. Çünki erkən aşkarlanan xərçəng hallarında sağ qalma ehtimalı qat-qat yüksəkdir.