İDMAN


BİZ DƏ HAMI KİMİYİK
İdman onların həyatını dəyişdi

Daun sindromu ilə doğulmaq həyatın sonu demək deyil. Bunu Nigarın timsalında görmək mümkündür. Ailəsi onu daun sindromlu olduğuna görə evə həbs etməyib, əksinə onunla məşğul olub, reabilitasiyasına diqqət ayırıb.

Nigar 4 yaşından idmanla məşğul olur. O artıq qaçış üzrə idman növündə bir çox nailiyyətlərə imza atıb. Bu ilin martında Əbu-Dabidə keçirilən Dünya Xüsusi Olimpiya Oyunlarında birinci yeri tutması Nigarın qazandığı ən böyük uğurdur.

 

Könül Mustafayeva, valideyn

 “YouTube kanalına da yerləşdiriblər, orada Nigar gülə-gülə qaçır, gülə-gülə qalib gəlir. Birdən çıxır, Nigar Mustafayeva, Azərbaycan, birinci yer, qızıl medal. O bizdən ötrü ən böyük möcüzə oldu. Özü oradan gələndən sonra hamı onu çempion çağırırdı, özü də fəxr hissi keçirirdi, dəyişildi. Orda tam sərbəstliyə öyrəndi”.    

 

15 yaşlı Aidə Rzayeva da mübarizliyi ilə seçilən gəncdir. O, Dünya Xüsusi Olimpiya Oyunlarında 25 və 50 metr məsafədə qaçış üzrə üçüncü yeri qazanıb.

 Aidə Rzayeva, idmançı

 “Valideynlərim deyib ki, şükür Allaha əlin sağ, ayağın sağ. Bir problem yoxdur, əsas boy deyil, əsas ağıldır. Amma hərdən olur ki, pis oluram. Əbu-Dabidə üçüncü yerə layiq olsam da mən buna pis olmadım. Əksinə hər şey yaxşı idi. Gələcəkdə bank işçisi olmaq istəyirəm, buna elmi cəhətdən səviyyəm çatmasa, idmanla məşğul olacam”.