İQTİSADİYYAT


Xınalığa yeni avtomobil yolu çəkilir

Respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay istiqamətində tikinti işlərinə başlanılıb. Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 kilometr təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 kilometr uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.