İQTİSADİYYAT


Xəzər ölkələri nərə balıqlarını qorumaq üçün nə etməlidir ARAŞDIRMA

Xanım Nağıyeva, müxbir

Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb və keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə aşağı düşüb. Balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi ölkələri üçün səciyyəvi olan ümumi tendensiyadır. Xəzərdə nərə balıqlarının ticarət məqsədilə ovlanması ilə əlaqədar qadağa 2020-ci ildə də davam edəcək. Xəzəryanı ölkələr illərdir uzunmüddətli qadağanı müzakirə etsələr də, hələki razılığa gəlmək mümkün olmayıb.

Mehman Axundov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, departament direktoru

“Nərəcinsli balıqların ehtiyatlarının bərpası ilə bağlı müəyyən bir vaxt lazımdır. Bu bərpa vaxtı regiondan,akvatoriyadan asılıdır. Məsələn, Kür çayına, həmçinin  Rusiyanın Volqa çayına girən nərəcinsli balıqların bərpası üçün tam başqa vaxt lazımdır. Bu müzakirələr əsasında hesab edirlər ki, nərəcinsli balıqları ticarət məqsədilə ovlanması ilə əlaqədar qadağa 5-10 il olmalıdır. Amma hələki ümumi razılığa gəlinməyib. Ona görə bu moratorium hər il bir il uzadılır”.

Xanım Nağıyeva, müxbir

Xəzərdə nərə balıqlarının azalmasının əsas səbəbləri isə son illərdə artan brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması, Xəzər dənizinin çirkləndirilməsi, Xəzər dənizi ekosistemində sabitliyin pozulması ilə əlaqələndirilir. Həmçinin dənizdə yem bazası olan kilkə balıqlarının azalması da mənfi nəticələrə gətirib çıxarır.

Mehman Axundov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, departament direktoru

“Brakonyerlik, qanunsuz balıq ovu təkcə Azərbaycanda yox, Xəzəryanı ölkələrin hamısında müşahidə olunur. Əlbəttə ki, bu, ehtiyatlara təsir göstərir. Dənizdə ovlanan balıqların böyüməsinə imkan verilmir. O balıqlar kürü tökmək üçün çaya yetişə bilmir”. 

Xanım Nağıyeva, müxbir

Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlər çərçivəsində nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərə cinsli balıq körpələri buraxılır. 2019-cu ildə Azərbaycanda balıqartırma zavodları tərəfindən 342 min nərəcinsli körpə balıqlar dənizə buraxılıb.