CƏMİYYƏT


Xaçmazda meşədə narkotik becərən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Nərəcan kəndi ərazisində meşəlik sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Azad Cəbiyev iş başında, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi sahəyə baxış zamanı ümumi çəkisi 140 kiloqram olan 97 ədəd çətənə bitkisi, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 4 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır