CƏMİYYƏT


Komendant saatında qanunsuz balıq ovlayanlar su polisləri tərəfindən saxlanılıb

Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik və nəzarət tədbirlər uğurla davam etdirilir. Həyata keçirilən sonuncu tədbir zamanı Bakı buxtası ərazisində gecə saatlarında komendant saatının tələblərini kobud şəkildə pozaraq balıq ovunun qadağan edildiyi xüsusi strateji obyektlərin yaxınlığında bu əməllərlə məşğul olan iki nəfər saxlanılıb. Belə ki, Su Nəqliyyatında Polis İdarəsinə həmin şəxslərin xüsusi motorla təchiz edilmiş qayıqla Dənizkənarı Milli Parkın sahilində dövrə vuraraq şübhəli hərəkətlər etməsi barədə məlumat daxil olub. Dərhal idarənin əməkdaşları tərəfindən həmin şəxslərin saxlanılması istiqamətində operativ tədbirlər görülüb. İdarədə araşdırma aparılan zaman onların Astara rayon sakinləri Vüsal Quliyev və qohumu Natiq İsgəndərov olduğu müəyyən edilib. Həmin şəxslər ifadələrində Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadıqlarını və Dənizkənarı Milli Parkın sahilinə balıq ovlamaq üçün gəldiklərini bildiriblər. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, 350 metr tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları 100-ə yaxın müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin və idarə etdikləri qayığın isə qeydiyyatının olmadığı da məlum olub.