CƏMİYYƏT


Abşeronda komendant postundan külli miqdarda heroin keçirmək istəyən şəxs saxlanılıb

Ölkə ərazisində bəzi şəhər və rayonlarda tətbiq edilən komendant saatı dövründə polis əməkdaşları və hərbi qulluqçuların ayıq-sayıq xidmət apardığını sübut edən hadisələrdən biri də Abşeron rayonu ərazisində qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axşam saatlarında Xırdalan şəhərində qurulan komendant postlarından birində Bakı şəhər sakini Ramin Babayev Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb. Bu səbəbdən Ramin Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib. Həmin çantadan 1 kiloqram 200 qram yüksəktəsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.