CƏMİYYƏT


Türkiyəli mütəxəssislər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşlara psixoloji dəstək göstərəcək

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib. Bu gün onlar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Türk Şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.