CƏMİYYƏT


“ASAN xidmət”in layihəsinə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da qoşuldu

Xəbər verdiyimiz kimi, 2012-ci ildən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün “İdeya Bankı” yaradılıb. “ASAN xidmət”in “İdeya Bankı” üzrə müvəkkili Fariz Cəfərov AZƏRTAC-a müsahibəsində bildirdi ki, əgər ilkin olaraq bura “ASAN xidmət”lə bağlı ideyalar toplanırdısa 2014-cü ilin sonundan bu prosesə dövlət qurumları da cəlb olunub. Bu ilin mart ayından Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da “İdeya Bankı”na qoşulub. “İdeya Bankı”nı “ASAN xidmət”in modeli də adlandırmaq olar. Çünki vətəndaş artıq qeyd edilən dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz ideya və təkliflərini bir mərkəzdən həyata keçirəcək. İlin sonunda isə ən yaxşı ideyanın müəllifləri mükafatlandırılacaq.