CƏMİYYƏT


Quba-Xınalıq yolu qar uçqunu səbəbindən bağlanıb

Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi kəsilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatır. Gecə saatlarından yolun qardan təmizlənməsinə başlanılıb. Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.