CƏMİYYƏT


Azyaşlı oğlundan narkotik əldə etmək üçün istifadə edən ata saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib. Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat zamanı Salyan sakini əvvəllər məhkum olunmuş İdris Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı 6 bağlama narkotik vasitə olan tiryək və 3 bağlama heroin aşkar edilərək götürülüb. Qeyd edək ki, İ.Hüseynov saxlanılan zaman onun idarə etdiyi avtomobildə 11 yaşlı oğlu da olub. Saxlanılan şəxs ifadəsində qeyd edib ki, narkotik vasitələri əldə etməyə azyaşlı oğlunu yolda polislər ondan şübhələnməsin deyə aparıb. Qeyd edək ki, azyaşlı uşaq artıq polislər tərəfindən anasına təhvil verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır