CƏMİYYƏT


İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkəmizə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısını alıblar.

DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycan ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda narkotik vasitənin Şahmirzə Hilal oğlu Məmmədov tərəfindən satış məqsədilə əldə edilməsi, saxlanması və "Mercedes-Benz" markalı minik avtomobili ilə həmin narkotik vasitələrin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində realizə ediləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşları Şahmirzə Hilal oğlu Məmmədov və Namiq Hafiz oğlu Rüstəmovun əyləşdiyi "Mercedes-Benz" markalı minik nəqliyyat vasitəsi saxlanılıb və vizual baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin baqajında olan göy rəngli bir ədəd iri həcmli əl çantasında sellofana bükülü 2 ədəd bağlamada cəmi xalis çəkisi 997,3 qram narkotik vasitə-tiryək, narıncı rəngli 2 ədəd paketdən isə cəmi xalis çəkisi 999,1 qram narkotik vasitə-heroin aşkar edilib. Adıçəkilən vətəndaşların üzərində aparılan şəxsi yoxlama zamanı isə Ş.Məmmədovun şalvarının bel hissəsində, uzunluğu 200 millimetr olan açılıb-bağlanan, tiyəli 1 ədəd bıçaq, sağ cibindən istifadə olunmuş 1 ədəd plastik şpris və şüşədən ibarət 1 ədəd kolba, N.Rüstəmovun şalvarının sağ cibindən, uzunluğu 145 millimetr olan açılıb-bağlanan, tiyəli 1 ədəd bıçaq aşkar edilərək götürülüb.