CƏMİYYƏT


İlan sancdıqda nə etməli – Mütəxəssis MƏSLƏHƏTİ

Mövsümlə bağlı ilan sancmaları diqqət mərkəzindədir. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aprel ayında 6 nəfər, may ayında 21 nəfər əsasən gürzə ilanı zəhəri ilə zəhərlənən xəstələr qəbul olunub. Onlardan 4 nəfəri kəskin ağır vəziyyətdə çatdırılsa da, ölüm faktı qeydə alınmayıb.  

Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov

“Havaların isti keçməsi ilə bağlı müraciətlər artıb. Aprel ayında az olsa da, may ayında xəstələrin qəbulu artıb. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi zərdabla bağlı işləri təşkil edib. Bizim mərkəzdə lazımı qədər ilan zərdabı var. Ondan başqa rayon mərkəzi xəstəxanalarında, təcili yardım briqadalarında zərdab paylanıb. Şəhərdə də mərkəzi xəstəxanalarda, təcili yardım briqadalarında da zərdab var”.

Mütəxəssis qeyd edir ki, zəhərin bədənə yayılmaması üçün ilan sancan insanı hərəkət etdirmək olmaz. 

Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov 

“Əsas hansı ətrafı ilan dişləyibsə, hərəkətsiz vəziyyətə gətirilməlidir. Dişlənmiş yeri yod məhlulu ilə işləmək məsləhətdir. Hərəkətsiz vəziyyətdə xəstəni yaxın tibb məntəqəsinə çatdırmaq lazımdır. İlk növbədə zərdabın təyin olunması və vurulması vacibdir. Ondan sonra planlı şəkildə tədbirlər olmalıdır. Xəstə şəhər ərazisindədirsə  Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, rayondadırsa regional mərkəzdə mütəxəssislərin nəzarətində olmalıdır. Lazım gələrsə, sanitar xidməti vasitəsi ilə bizim mütəxəssis hadisə yerinə göndəriləcək, yerində lazım olan məlumatları və təyinatları verəcək”.

Statistikaya görə, hər il ölkəmizdə təxminən 120-130 ilansancma halı olur. Dünyada isə ilan sancmasından hər gün orta hesabla 200 nəfər, hər il isə 80 minədək insan həyatını itirir. Mütəxəssislər xəbərdarlıq edir ki, ilan sancmasından qorunmaq üçün insanlar ayaq basılan yerə diqqət etməli, hündür otlar, sıx kollar və alaq basmış yerlərdən uzaq gəzməlidirlər.