CƏMİYYƏT


Gənclər Fondu həssas qrupdan olan tələbələrin təhsil xərclərini ödəyəcək

Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən, Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edib. Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən ödənilib. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra saytın elektron xidmətlər bölməsində yerləşdirilən ərizə formasını müvafiq qaydada doldurub, sayt vasitəsilə Gənclər Fonduna göndərməlidirlər.

Azərbaycanın Milli qəhrəmanlarının övladları, I, II qrup əlil (2018-2019-cu tədris ili üçün) və III qrup əlil gənclər, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları, I qrup əlil valideyni olan, hər iki valideyni əlil olan (I, II III qrup), aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcək.

Müsabiqəyə Fondun rəsmi saytında qeyd edilmiş 31 dövlət ali təhsil müəssisəsinin və onların filiallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.

Müraciətlər iyulun 19-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.