CƏMİYYƏT


Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan qadın tutulub

Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əldə edilən məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkarlanaraq götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu boynuna alıb.