CƏMİYYƏT
Sumqayıtda aptekdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən yerindəcə saxlanılıb
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu sübut edən hadisələrdən biri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yerləşən apteklərdən birində qeydə alınıb. Gecə saat 04:21 radələrində həmin ünvanda yerləşən obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Hadisəyə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilib. Cəmi 1 dəqiqə ərzində hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.