CƏMİYYƏT


Mixail Qusman: Soruşma ki, Azərbaycan sənin üçün nə edib, de ki, sən Azərbaycan üçün nə etmisən

 

Mən Bakı ənənələri əsasında tərbiyə almışam. Orada insanlar hər gün çay süfrəsi arxasında görüşürlər.
AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikirləri TASS-ın jurnalisti Səadət Qədirovanın YouTube “kadyrova.online” kanalında yayımlanan “Arzular gerçəkləşir” adlı müəllif verilişində söyləyib. M.Qusman qeyd edib ki, sosial şəbəkələri xoşlamır. O deyib: “Bu şəbəkələr surroqatdır, onlar canlı ünsiyyəti əvəz etmir. Mayakovski demişkən, bu, qəhvə adı ilə təklif edilən, əslində yerkökündən hazırlanmış içkiyə oxşayır”.
M.Qusman S.Qədirovaya müsahibəsində Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə münasibət bildirib, vurğulayıb ki, Rusiyada əslən Azərbaycandan olan görkəmli adamlar yaşayır. Onlar elm, mədəniyyət, biznes və digər sahələrdə təmsil olunur. O deyib: “İnsanlar Rusiya cəmiyyətinin tərkib hissəsidir, lakin eşq olsun onlara ki, öz Vətənləri ilə əlaqəni kəsmirlər. Con Kennedinin məşhur bir kəlamı var: “Soruşma ki, sənin ölkən sənin üçün nə edib, özündən soruş ki, sən öz ölkən üçün nə edə bilərsən”.
M.Qusmanın sözlərinə görə, əslən Azərbaycandan olan, lakin Rusiyada yaşayan hər bir azərbaycanlı “Azərbaycan mənim üçün nə edib, - deyə soruşmaq əvəzinə özündən soruşmalıdır ki, mən Azərbaycan üçün nə etmişəm”.
Məşhur həmvətənimiz Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının birləşməsinin vacibliyini vurğulayaraq deyib: “Gərək bu təşkilatlar birləşmə formasını tapıb insanlara fayda versinlər”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva