CƏMİYYƏT


Sürücülərin diqqətinə: Sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.  Xatırladaq ki, sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.Belə ki, paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli  və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.