CƏMİYYƏT


Süni ürək necə işləyir - Vasif bu ürəklə 6 aydır yaşayır

Ağır ürək çatışmazlığından əziyyət çəkən 55 yaşlı xəstə 6 aydır ki, süni ürək aparatı ilə yaşayır. Dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan Süni Ürək mexaniki bir pompadır. Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahi olaraq yerləşdirilir. Süni ürək implantasiyası Respublika Müalicəvi Diaqnostika Mərkəzində ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən uğurla həyata keçirilib. 

Anar Əmrah, ürək-damar cərrahı

“Belə xəstələrdə iki effektiv müalicə üsülü var, ürək köçürülməsi və ya xəstəyə süni ürək cihazının taxılması. Biz ikinci variantı seçdik, xəstəmizdə həm sağ, həm sol ürək çatmazlığı var idi. Süni ürək cihazı sol mədəciyə dəstək cihazı idi. 160 qram ağırlığında bir pompadır. Ən son texnologiya ilə hazırlanmış cihazdır. Bu cihazın xəstəyə yerləşdirilməsi mürəkkəb prosesdir. Belə xəstələrdə əməliyyatın özü də çox risklidir. Çox şükürlər olsun əməliyyatı uğurla icra etdik. Əməliyyatdan sonrakı dövr problemsiz seyr etdi. Xəstəmiz hazırda özünü çox yaxşı hiss edir".  

Süni ürək implantasiyası xəstənin ömrünü ən azı 10 il artırmağa imkan verir.  Belə xəstələr əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

Vasif Qubuşov, pasiyent 

“Adi ürəklə heç bir fərqi yoxdur. Düzdür, insan sərbəstliyindən bunun fərqi olmalıdır. Yanımda onu idarə edən aparat gəzdirirəm. Daxildə nə var, nə yox hiss etmirəm. 6 saatdan bir aparatın batareyalarını dəyişirəm, sağolsunlar əlavə ehtiyat batareyalar veriblər. Əziyyət çəkməmişəm”.