CƏMİYYƏT


Külli miqdarda inşaat materialının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu hüquqpozma faktı Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi və “Hövsan” postunun əməkdaşlarının birgə həyata keçirdiyi malların eyniləşdirilmə tədbiri zamanı qeydə alınıb. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Hövsan” dəniz limanı postuna İrandan “Nargoon” adlı gəmi ilə “APACHE” MMC-nin gətirdiyi müxtəlif növ qranit daşları, döşəmə və divar üçün keramik plitələr daxil olub. Həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmək məqsədilə MMC tərəfindən müvafiq gömrük bəyannaməsi ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edilib. Lakin gömrük yoxlaması zamanı gömrük bəyannaməsində göstərilən mallardan başqa, gömrük orqanına bəyan edilməyən 1980 kvadratmetr qranit daşları, 820 kvadratmetr döşəmə və divar üçün keramik plitələr, həmçinin qranitdən hazırlanmış 3 ədəd dekorativ məmulatlar aşkar olunub. Ümumilikdə isə təqribən 10 min manat dəyərində gömrük ödənişindən yayınma halının qarşısı alınıb.