CƏMİYYƏT


Yol polislərinin operativ müdaxiləsi ilə turistlər yanan maşından xilas edilib

İyulun 29-da səhər saatlarında Bakı-Qazax magistral yolunun 35-ci kilometrliyində Vüsal Əliyevin idarə etdiyi “Mersedes” markalı mikroavtobusda qısaqapanma nəticəsində tüstülənmə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobilin elektrik sisteminin sıradan çıxması səbəbindən nəqliyyat vasitəsinin qapıları avtomatik olaraq kilidlənib və sərnişinlər salonda köməksiz vəziyyətdə qalıblar. Yanan maşının tüstüsünün salona dolması səbəbindən sərnişinlər boğulma təhlükəsi ilə üzləşiblər. Bu zaman ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq maşında olan 10 sərnişin və sürücünü avtomobilin pəncərəsindən evakuasiya ediblər. Həyatları xilas edilən şəxslərə YPX əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Yol polislərinin operativliyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb və maşın vaxtında söndürülüb.