CƏMİYYƏT


Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan ictimai çimərlikdən REPORTAJ

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə dənizkənarı ərazilərdə mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına başlanıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Xanım Nağıyeva, müxbir

“İlk olaraq belə çimərlik Şıx çimərlik ərazisində dəniz kənarında 6 hektar sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, vətəndaşların istirahəti üçün bütün şərait yaradılıb”.

 Dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq asfaltlaşdırılıb. Burada 60 kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinaları, 2 yerdə duş, 2 yerdə 2 kabinalı sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb. Vətəndaşların istirahətlərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb

Səmilə Dadaşova, Bakı sakini

“Bu gün bura səhər açılanda gəldik. Bizə çox xoş təəssürat bağışladı. Burada hər şey xalq üçün, uşaqlar üçün, böyüklər üçün çox gözəl şərait yaradılıb yay istirahəti üçün. Bizim ailəmiz üçün çox sevindirici oldu”.

Təməl Dadaşov, Bakı sakini

“Mən birinci dəfədir görürəm ki, dənizin qirağına asfalt çəkiblər. Çox sağolsunlar şərait yaradıblar. Zibil yeşikləri qoyulub, yaxşı qulluq edirlər”.

Nataliya Parfinyuk, Ukraynalı qonaq

 “Ukraynadan qonaq gəlmişəm. Bura çox xoşuma gəlir, əsas odur ki, pulsuzdur hər şey. Əvvəllər burada olmuşuq heçnə yox idi, hökumət çalışıb ki, əhalinin istirahəti üçün bütün şərait yaradılsın”.

Azad Ələkbərov, Bakı sakini

“Əvvəl çox səliqəsiz idi, yol yox idi, gedib gəlmək olmurdu, çox əziyyət çəkirdik. Maşın gələndə xarab olurdu. İndi asfaltdır gəlib maşını qoyursan. Gir çim çıx, lejankalar var, sərinlik var, soyunub-geyinmə yerləri var”.

Xanım Nağıyeva, müxbir

Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

Şıx ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.