CƏMİYYƏT


Binəqədidə yol polisi avtoxuliqanlıq edən ikinci qrup əlili saxlayıb

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayonda avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 99-SP-502 dövlət qeydiyyat nişanlı “İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna yol polisləri tərəfindən “Saxla!” işarəsi verilib. Amma sürücü nəqliyyat vasitəsini saxlamayaraq hərəkəti davam etdirib. Bu zaman sürücü avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı və əhalinin dincliyini pozaraq dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozulması hallarına yol verib. Sürücü saxlanılan zaman məlum olub ki, o, avtomobili idarə etmək hüququ olmadan sükan arxasına keçib.

Onun barəsində Dövlət Yol Polisi Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən Loğman Əliyev İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq) və 332.2-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrinə görə nəqliyyat vasitəsini bir il ərzində idarə etmək hüququndan məhrum edilib və o, 500 manat məbləğində cərimələnib.

Avtoxuliqanlıq edən L.Əliyevin ikinci qrup əlil olduğu və etdiyi hərəkətdən səmimi peşmançılıq hissi keçirdiyi nəzərə alınaraq barəsində məhkəmə tərəfindən inzibati qaydada həbs qərarı çıxarılmayıb.