CƏMİYYƏT


İmam: Borc alıb qurban kəsmək düzgün deyil

Qurban bayramı qədim tarixə malikdir. Bu bayramda varlı insanlar kasıb insanları sevindirməli, yaşlı valideynlərinə, qohum-əqrəbalarına, şəhid ailələrinə pay aparmağı bacarmalıdırlar. Qurbanlıq qoç, dəvə, qoyun, keçi kimi heyvanlardan seçilir. Qurban kəsimi uşaqların gözü qarşısında, insanların çox olduğu yerlərdə tövsiyyə olunmur. Qurban üçün sağlam, kök, nöqsanı olmayan heyvanlar seçilməlidir. Qurban kəsildikdən sonra üç hissəyə ayrılır. Birinci hissə insanın öz payıdır, ikinci hissə kasıb insanların payıdır, üçüncü hissə isə yaxın qohum-əqrəbaların payıdır. Qurban kəsmək Həcc ziyarətində olan zəvvarlara vacibdir,imkanı olan hər bir kəs qurban kəsə bilər. Bəzən insanlar borc alıb qurban kəsmək istəyirlər, bu cür işlər düzgün deyil. El arasında qurban kəsilən bıçağa dua oxunma adəti mövcuddur. Şəriət tərəfindən bu düzgün deyil. Yaxşı olardı ki, qurbanı kəsən insan qurban duasını bilirsə özü desin, bilmirsə Allahı xatırlatmaqla qurbanı kəsməlidir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin Fətva və Moizə şöbəsinin imamı Samid Quliyev deyib.