CƏMİYYƏT


1500 manat dəyərində elektrik naqilləri oğurlayıb 60 manata satdılar

“VOLTAJ Elektrik və Təmir Tikinti” idarəsinin rəhbərliyi avqustun 31-də Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək idarədən 1500 manat dəyərində əmlakın oğurlandığı barədə məlumat verib. Şöbənin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində həmin idarədə işləyən Saatlı rayon sakini Alışov Nəriman Əlifağa oğlu, İmişli rayon sakini Feyzullayev Sərraf Zahir oğlu və Zərdab rayon sakini Şirinov Akif Əkbər oğlu şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, hər 3 şəxs qabaqcadan əlbir olaraq avqustun 29-da saat 00.00 radələrində Zərdab-Ağcabədi avtomobil yolunun sağ tərəfində yerləşən “Məlikli” yarımstansiyasının həyətindən gizlin olaraq qazanc əldə etmək üçün idarəyə məxsus elektrik naqillərini oğurlayıblar. Oğrular naqilləri 60 manata Zərdab rayon sakini Arazov Zöhrab Kərəm oğluna satıblar.