CƏMİYYƏT


Sentyabrın 14-dən metroda qış qrafiki tətbiq olunacaq

Yeni tədris ilinin başlanması və yay mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə xəttlərdəki qatarların sayı artırılaraq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq.
Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Xəttlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq. Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.