CƏMİYYƏT


“Diqqət, uşaqlar” aylığı çərçivəsində yol polisləri yeni maarifləndirici aksiyaya başlayıb

Daxili İşlər Naziriliyi rəhbərliyinin göstərişinə əsasən, yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda hərəkətin intensivliyinin yüksələcəyi nəzərə alınaraq “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.

Bakının Binəqədi, Sabunçu, Nərimanov, Xəzər, Səbail, Qaradağ, Xətai, Yasamal, Pirallahı, Nəsimi və Suraxanı rayonlarında yol polisləri tərəfindən maarifləndirici aksiyalar keçirilib. Tədbirlər çərçivəsində məktəblərin önünə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış maarifləndirici şüarlar əks olunan plakatlar vurulub. Plakatlarda şagirdlərə, müəllimlərə və valideynlərə yol hərəkəti qaydaları izah edilib. Bildirilib ki, şagirdlər yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etməlidirlər. Həmçinin müəllimlər hər dərsin bir neçə dəqiqəsini yol hərəkəti qaydaları haqqında danışsalar müsbət nəticəsi ola bilər. Valideynlərə isə avtomobillərini məktəblərin ətrafında, eləcə də ikinci, üçüncü cərgədə, avtobus dayanacaqlarında və piyada səkilərində saxlamamaq tövsiyə olunub. Tədbirlər çərçivəsində müəllim və şagirdlərə yol hərəkəti qaydalarını əks etdirən kitabçalar da təqdim edilib. Tədbirlər ümumilikdə hər rayon üzrə 10-15 məktəb olmaqla 150-ə yaxın təhsil müəssisəsini əhatə edib.

Qeyd edək ki, "Diqqət uşaqlar!" aylığı çərçivəsində tədbirlər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır