CƏMİYYƏT


Bakıda reyd: sürücü və piyadalar cərimələndi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə profilaktik tədbirlər həyata keçirib. Keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb bir neçə piyada inzibati qaydada cərimələnib. Tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıb. Yol Polisləri həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq onlara yeraltı və yerüstü keçidlərdən istifadə etməyin bütün hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etdiyini bildiriblər. Qeyd edək ki, tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən edilib. Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar. Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib. Avtobus dayanacağını zəbt edən və sahibi müəyyən edilməyən nəqliyyat vasitələri isə yol polisləri tərəfindən əraziyə dəvət edilən Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır