CƏMİYYƏT


DSX: Sərhədçi zabit ona bıçaqla xəsarət yetirən şəxsi tərk-silah edərək yaxalayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-də saat 21:05 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində iki nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “Dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaqla xəsarət yetirib. Buna baxmayaraq, sərhədçi zabit şücaət nümayiş etdirib, cinayətkarı tərk-silah edərək saxlayıb.