CƏMİYYƏT


Könüllülük fəaliyyəti – Uğurlu karyera yolu və təqaüddə məşğulluq REPORTAJ

Könüllü dedikdə gələcək karyeralarını qurmaq üçün müxtəlif layihələrdə iştirak edən gənclər yada düşür. Son zamanlar isə ölkəmizdə təqaüd yaşına çatan şəxslər də könüllülüyə cəlb olunur. 63 yaşlı İradə Abbasova “Üçüncü bahar” təşəbbüs qrupunun dəstəyi ilə DOST mərkəzində könüllü kimi fəaliyyət göstərir. Mərkəzdə öz həmyaşıdları ilə ünsiyyətdə olan İradə xanım onların müraciətlərini müvafiq mütəxəssislərə yönəldir.

İradə Abbasova, könüllü

“İki həftədir işləyirəm. Çox xoşuma gəlir. Saat 10-dan 2-ə qədər işləyirəm. Heç yorulmuram, işdən evə getmək də istəmirəm”.

Könüllülük həmçinin fiziki məhdudiyyətli gənclərin cəmiyyətə çıxmaları üçün də bir vasitədir. Onlar sosial sahələrdə könüllü kimi çalışmaqla özlərinə daimi iş də tapa bilərlər. “ASAN Xidmət” mərkəzlərində bu təcrübə artıq mövcuddur. Azər Əlizadə “ASAN Xidmətin” ilk belə könüllülərindən biridir. O artıq özəl şirkətdə çalışır.

Azər Əlizadə, keçmiş könüllü

“Birinci növbədə sosial yöndə inkişaf etdim, ikinci növbədə iş tapmağımda mənə yardımçı oldu. Bu gün mənim işim şirkət rəhbərliyini qane edirsə, bu, sosial yönumlü fəaliyyətin bəhrəsidir. Əvvəldən kompleksli bir insan olmamışam.  Əgər biz istəyiriksə sosiallaşaq, iş tapaq, bizim məşğuliyyətimiz olsun, cəmiyyətdə mövcudluğumuzu sübut edək, hərə özünə uyğun şəkildə kompleksləri aşmalıdır”.

ASAN könüllülərinin sayı artıq 20 mini keçib. ASAN Xidmət, ASAN Kommunal Mərkəzlərində, həmçinin Səyyar ASAN-da gündəlik minə yaxın könüllü fəaliyyətdə olur. Onlar müxtəlif istiqamətlər üzrə işlərə cəlb olunurlar.

Kəmalə Rzayeva, könüllü

“Vətəndaşlara növbə aparatından istifadəsində, ərizə masasında vətəndaşların ərizələrinin doldurulmasında köməklik göstəririk. Sorğularda iştirak edirik və ASAN Xidmət mərkəzində bir çox tədbir və layihələrə qatılırıq”.

Cahangir Hacıyev, ASAN Xidmət, insan resursları və təlim şöbəsinin müdir müavini

“2019-cu ildən başlayaraq fəaliyyətimizə bir yenilik gətirmişik. “Sığortalı gələcək” adlı təşviqat proqramı, eyni zamanda elektron hökumətin təşviqatı proqramını həyata keçiririk ki, bu da könüllülərin müxtəlif istiqamətlər üzrə ixtisaslaşmasına dəstək verir. Bununla da biz həyata keçirilən ictimai, siyasi proseslərə, eyni zamanda inkişaf proseslərinə könüllülər olaraq öz töhfəmizi verməyə çalışırıq”. 

Könüllülük fəaliyyəti beynəlxalq tədbirlərin keçirilməsində də önəmli roy oynayır. İndiyə kimi ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərdə istər gənc, istər yaşlı, istərsə də fiziki imkanları məhdud könüllülər kifayət qədər uğurla sınaqlardan keçə biliblər.