CƏMİYYƏT


Meşə massivlərində ağacları qıran dəstə üzvləri saxlanılıblar

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Həmin ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin rayonların meşə massivlərində ağacların kütləvi şəkildə qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.