CƏMİYYƏT


Paytaxt ərazisində “ağ ölüm” yayan narkotacir saxlanılıb

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirilən əməliyyat zamanı Hacıqabul rayonunda qeydiyyatda olan İlham Rzayev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 50 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan İ.Rzayevin Maştağa qəsəbəsində yaşadığı evə də müvafiq qaydada baxış keçirilib. Oradan isə əlavə olaraq satış üçün hazır qablaşdırılmış formada 5 kiloqram 015 qram heroin, 1 kiloqram 145 qram psixotrop maddə metamfetamin, 805 qram tiryək və 388 ədəd çəkisi 15,52 qram olan metadon (F M40) həbləri aşkar edilərək götürülüb.