CƏMİYYƏT


Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında Yasamal rayonu ərazisində yerləşən 17 mərtəbəli yaşayış binasının yeraltı dayanacağında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman yeraltı dayanacaqdakı qarajda Azərbaycanın aksiz markası ilə markalanmayan hər biri 1 litrlik olmaqla 268 ədəd “Moskovskaya”, 7 ədəd “President”, 10 ədəd “12 Ouzo” və 217 ədəd “Vodka Marya Morevna” markalı spirtli içki aşkarlanıb.