CƏMİYYƏT


İcbari tibbi sığorta üzrə xidmətlərin sayı 3 minə çatdırılıb – Şərtlər barədə Açıqlama

Xanım Nağıyeva, müxbir
- 2020-ci il aprelin 1-dən Azərbaycanda İcbari tibbi sığorta haqları toplanılacaq. İndiyə qədər Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında tətbiq olunan pilot layihə mərhələli şəkildə bütün ölkəni əhatə edəcək. 

Şükür Eyvazov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri
“Yanvarın 1-dən aprelin 1-ə qədər şimalda 20 bölgədə 1 milyon 893 min vətəndaşa icbari tibbi sığorta çərçivəsində tibbi xidmət veriləcək. Eyni zamanda daha öncədən tətbiq edilən 3 ərazidə 370 min əhali də icbari tibbi sığorta çərçivəsində aldığı tibbi xidmətləri əvvəlki qaydada alacaq. Aprel ayının 1-dən 3 ay ərzində bu proses Qərb bölgəsində ümumilikdə 17 rayonu əhatə edəcək. 2 milyon 100 min əhali bu prosesə cəlb ediləcək. Sonrakı 3 ayda cənub bölgəsi, oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt və Abşeron rayonu tibbi xidmət verilən ərazilər olacaq”.

Xanım Nağıyeva, müxbir
- İcbari tibbi sığortanın böyük bir hissəsi dövlət hesabına ödəniləcək. Hər bir vətəndaşa il ərzində 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Bunun üçün 2020-ci il dövlət büdcəsində 900 milyon vəsait ayrılıb.

Şükür Eyvazov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri
“Dövlət və neft sektorunda çalışan vətəndaşlarımızdan 8000 manata qədər maaşlarında 2%, 8000 manatdan yuxarı hissəsindən isə 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Vətəndaş 10 min manat maaş alırsa, 8000 manata qədər tutulan 2 faiz 160 manatdır, qalan 2 min manatdan 0.5 faiz tutulacaqsa, 10 manat edəcək, ümumilikdə bir vətəndaşdan aylıq icbari tibbi sığorta haqqı 10 min manat maaş alırsa, 170 manat, 500 manat maaş alırsa 10 manat icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlarımızdan 8000 manata qədər bu vəsait 1 faiz, 8000 manatdan yuxarı məbləg 0.5 faizdir”.

Xanım Nağıyeva, müxbir
- Ölkədə bu layihə çərçivəsində tibbi xidmətlər göstərəcək 3 mindən çox dövlət tibb müəssisəsi var. Hazırda agentliyin saytında 2 minə yaxın xidmətlərin adları qeyd edilib. Şükür Eyvazov artıq onların sayının 3 minə çatdırıldığını və tam siyahının yaxın vaxtlarda açıqlanacağını bildirib. Buraya ambulator və stasionar müalicə, təcili tibbi yardım, həmçinin ürək, ağciyər, beyin əməliyyatı kimi mühüm əməliyyatlar daxildir. HİV virusu, şəkərli diabet və onkoloji xəstəliklər dövlət tərəfindən maliyyələşdiriliyi üçün bu paketə daxil edilmir. Gələcəkdə xidmətlərin sayının artırılması planlaşdırılır.