CƏMİYYƏT


Elektron siqaret niyə təhlükəlidir – Həkim rəyi

Xanım Nağıyeva, müxbir

Elektron siqaret və ya veypinq son vaxtlar sağlamlığa ciddi təhdidə çevrilib. Gənclər arasında elektron siqaret aludəçilərinin sayı da artıb. Qeyri-rəsmi məlumatlara görə, dünyada 40 milyona yaxın insan elektron siqaret çəkir. Amerikada səbəbi elektron siqaretin olduğu ehtimal edilən 11 ölüm faktı qeydə alınıb. Ölkəmizdə də açıq satışda olan elektron siqaretin öldürücü təsiri bəs nədən ibarətdir?   

Arif Ağayev, ağciyər cərrahı

“Ən təhlükəlisi E vitaminidir, qliserindir, elektron, yağlı qəlyanların tərkibində olan müxtəlif yağda həll olunan turşular, ağır metallardır ki, bunlar orqanizm üçün daha təhlükəlidir.  Ağciyərlərin bir-çox xəstəlikləri kimyəvi təsirdən yaranırlar. Məsələn, sarkaidoz xəstəliyi, ağciyər fibrozu, ağciyər xərçəngləri və allergik ağciyər xəstəlikləri var ki, bunlar birbaşa xarici təsirlərdən yaranır. Məsələn, xərçəngin böyük əksəriyyətinin etiologiyasında konsoragen tütün məmulatları durur. Elektron qəlyan və ya siqaretlərin tərkibində də normadan artıq miqdarda konsaragen qəbul etmiş oluruq. Bunlar da birbaşa olaraq həmin xəstəliklərin başlanması üçün şərait yaradır.

Xanım Nağıyeva, müxbir

Mütəxəssis bildirir ki, digər tütün məmulatlarından fərqli olaraq yağda həll olunmuş kimyəvi maddələr ağciyər toxumasında daxil olduqdan sonra onların geri dönmək şansı yoxdur. Uzun illər bu kimyəvi təsirə məruz qalan ağciyərlərin strukturu dəyişikliyə məruz qala bilir. Müdafiəsiz ağciyərin müxtəlif xəstəliklərə yoluxması isə asanlaşır. Kəskin ağciyər zədələnmələrində ölüm faizi 40 faizdən çoxdur.

Arif Ağayev, ağciyər cərrahı

“Bu gün elektron qəlyan istifadəçilərinin əksəriyyətinin rastlaşdığı və müraciət olunan xəstələrin əksəriyyətinin kəskin bronxitlər, kəskin pnevmoniya, yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri, laringit, faringit və ağciyərlərin toxumasının zədələnməsi nəticəsində enfizema xəstəliyi. Ağciyər xərçəngləri - statistika olmadığı üçün rastlaşmamışıq ki, birbaşa qəlyan çəkdi deyə xərçəng əmələ gəldi, amma müxtəlif xəstəliklər kəskin pnevmoniyalar, bronxitlər, laringit, faringit xəstəlikləri ilə tez-tez rastlaşırıq. Təbii ki, bunların kökündə tək qəlyan dayanmır, əsas risk faktoru elektron qəlyanı göstərmək olar”.

Xanım Nağıyeva, müxbir

Mütəxəssislər bildirir ki, istər elektron, istər ənənəvi siqaret çəkən insanlar bunun mənfi təsirlərini hər yaşda görə bilərlər. Uzun illərdir siqaret çəkən Şəmkir sakini 64 yaşlı Yaşar Məmmədov ağciyərində keçirilən ağır əməliyyatdan sonra artıq onu tərgitmək niyyətindədir

Yaşar Məmmədov,pasiyent

Ağciyərdə damar partlaması ilə gəlmişdim bura. Biz də vaxtında başa düşsəydik bu dərəcəyə çatmazdıq. Siqaret insanın bir nömrəli düşmənidir. Gənclər nə qədər uzaq dursa bir o qədər də sağlam olarlar. İnsan özünü sağlam bilmək istəyirsə, siqaret çəkməsin.