CƏMİYYƏT


Ötən il respublika ərazisində baş verən yol qəzalarında 821 nəfər həlak olub

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib ki, hesabat dövründə avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb. Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb. Baş idarədə 1500-ə yaxın vətəndaş qəbul edilib, daxil olmuş 93 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.

Müşavirəyə yekun vuran daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır