CƏMİYYƏT


Onlayn yolla narkotik vasitə satan daha bir narkokuryer saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Tərlan adlı şəxs tərəfindən götürülərək satış məqsədilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri həyata keçirilib. Peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs, Lənkəran sakini Tərlan Əhədov Sumqayıt şəhərində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 137,114 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Sumqayıt şəhərindəki evinə baxış zamanı 5 kiloqram 25 qram heroin, 800 ədəd metadon həbi, 365 qram tiryək, 89,482 qram metamfetamin, 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd patron aşkarlanaraq götürülüb.