CƏMİYYƏT


Lənkəranda obyektlərdən oğurluq edən şəxslər saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza, təmir sexi, çay evləri və digər obyektlərdən oğuluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini N.İsmayılov yaşadığı Kərgəlan kəndində ona məxsus mağazadan ümumilikdə 1 032 manat dəyərində pul, kameraların yaddaş kartı, danışıq kartları və müxtəlif növ ətirlərin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini Rahim İbadov şəxs müəyyən edilərək saxlanılıb. Eyni zamanda onun yaşadığı kəndin ərazi icra nümayəndəliyinin inzibati binasından, bir çayxanadan və bir qeyri-yaşayış sahəsindən, həmçinin Talışlı kəndində yerləşən avtomobil təmiri sexindən ümumilikdə dəyəri 3 410 manat olan notebook, printer aparatı, internet modemi, nəzarət kameraları, yaddaş bloku və digər avadanlıqlar oğurladığı da məlum olub.