CƏMİYYƏT


İvanovkada taxıl biçinindən öncə dini ayinlər oxunur

İsmayıllı rayonunun İvanovka kəndindəki Nikitin adına kolxoz respublikamızda yeganə kollektiv təsərrüfatdır və taxılçılıq burada kənd təsərrüfatının əsas sahələrindəndir. Kolxozda cari ilin məhsulu üçün 3700 hektarda taxıl yetişdirilib və zəmilərin hər hektarında orta məhsuldarlığın 30 sentner olacağı gözlənilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kolxozda taxıl biçininə start verilib və biçindən öncə kəndin yaşlı sakinləri tərəfindən xüsusi dini ayinlər icra olunub, məhsulun bol, bərəkətli olması, təbii fəlakətlərdən qorunması üçün dualar edilib. Bu, malakanlar tərəfindən əsrlərlə qorunub saxlanan ənənədir.
Ağsaqqallar “Dünyanın tək sahibi olan Uca Allahdan məmləkətimizi, güclənən dövlətimizi və xalqımızı qorumağı diləyirik! Bərəkətimiz bol, sağlamlığımız möhkəm olsun!”, - deyə Tanrıya dua ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır