CƏMİYYƏT


Lənkəranda sosial şəbəkələrdə saxta məlumatlar yayan şəxslər saxlanılıblar

Lənkəranda bir qrup şəxs düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə saxta profillər və ani mesajlaşma sistemlərində qruplar yaradaraq həqiqətə uyğun olmayan çağırışlar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla da həmin şəxslər tərəfindən Lənkəran şəhəri ərazisində yürüşün keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.

Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa vaxtda müəyyənləşdirilərək saxlanılıb və şöbəyə gətiriliblər. Polis şöbəsində onlarla profilaktik söhbət aparılıb və həmin şəxslərə ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdən üçü yetkinlik yaşına çatmayanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır