CƏMİYYƏT


Bakı Media Mərkəzi karantin qaydalarına uyğun baş tutan bayram namazının çəkilişini və canlı yayımını həyata keçirib

Müqəddəs Qurban bayramı ilə bağlı bayram namazı bu il karantin qaydalarına uyğun fərqli şəkildə baş tutub. Bakı Media Mərkəzinin çəkilişlərini həyata keçirdiyi mərasim zamanı din xadimləri, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidində bayram namazı qılıb, xalqımız üçün dualar ediblər. Bakı Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri Hacı Şahin Həsənli və Hacı Ceyhun Rüstəmovun bayram namazı ilə bağlı xütbələri dinlənilib. Eyni zamanda, Müqəddəs Qurban bayramı ilə bağlı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevin çıxışlarına yer verilib.