CƏMİYYƏT


Valideyn məsuliyyəti mövzusunda növbəti sosial videoçarx hazırlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Övladınızın ən yaxın sirdaşı olun!” adlı sosial videoçarx hazırlayıb.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun sağlam ailə mühitində, məhəbbət və anlaşma şəraitində böyüməsi çox vacibdir. Xoşbəxt ailədə xoşbəxt uşaqlar böyüyür və gələcəyimiz onların necə böyüməsindən asılıdır. Bunları nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının qorunması, ailə dəyərlərinin, uşaqlara sevgi, diqqət və qayğı dolu münasibətin təbliği məqsədilə mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirilir, sosial çarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.