CƏMİYYƏT


Gəncədə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

İyun ayının 26-da Gəncə şəhər sakini olan bir qadın Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında tanışının onun boğazındakı qızıl boyunbağını götürüb qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 48 yaşlı Rəşad Sadıqov olması müəyyən edilib. R.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.