CƏMİYYƏT


Salyanda 143 baş qoyun oğurlayan şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkarlıq hadisələrinin qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. Rayon ərazisində xırda buynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Şıxəliyevə məxsus fermadan 143 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan, lakin Salyan rayonunda yerləşən fermaların birində işləyən və orada yaşayan Dilqəm Mirzəliyev olduğu müəyyən edilib.